http://bizimyol.az/index.php?mod=news&act=view&nid=459

Stokholmda deyirlər ki, Azərbaycanda polis qadını, qocanı küçədə döyür

Eluc Atalı: “Burda 18 yaşına qədər uşaqlar üçün hər şey pulsuzdur, üstəlik, hər ay dövlət uşaqlara kompensasiya verir”

Qədim bir bayatımızda deyilir: «Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı». Uzun illər bu deyimin müəllifini dəli hesab etsəm də, bu günlərdə bu bayatıdakı hikməti anlamışam. Doğrudan da, Azərbaycan kimi məmləkət ancaq ölməyə və dəfn olunmağa yarayır. Müsahibim Stokholmda yaşayan həmyerlimiz Eluca Atalıdır. Yaşadığı ölkə haqda danışdıqları isə, yəqin, sizə yuxu kimi gələcək... Doğrudanmı, həyat bu qədər gözəldir?
 

- Stokholmda nə işlə məşğul olursunuz?

- Sözümə Mütləqim, Müqəddəsim, Mütləqə İnam yaradıcısı Asif Atanin adına səcdə ilə başlayıram. Güney azərbaycanlı  azadtribun.net saytının redaktoru  Babək bəy Azəri ilə ailə həyatı qurub, onun yaşadığı ölkəyə üz tutduq. Bura gələndən sonra birinci işim İsveç dilini öyrənmək oldu. Həftənin beş gününü dərsə gedirəm, qalan günlərini evdə yaradıcılıqla məşğul oluram və ən əsası, Babək bəylə birgə Vahid Azərbaycan televiziyası üçün verilişlər hazırlayırıq. Birgə ssenarilər, mətnlər yazırıq.
  
- Bu TV-də hansı verilişlər yayımlanır? Daha çox üstünlük verdiyiniz mövzular barədə…
   
- Bir qrup azərbaycanlı birlikdə "İnam" adlı layihə işləyib hazırlamışıq. Bu layihəyə əsasən üç TV fəaliyyət göstərir: «Vahid Azərbaycan», «Dünya Demokratik Azərbaycanlılar Konqresi» və «Müsavat TV».
Konkret «Vahid Azərbaycan TV»-dən danışsaq,  məqsədimiz filosof Asif Atanın  "Azərbaycan nədir?" sualına cavab vermək və "Azərbaycanımız - azərbaycanlılığımız" mövzusunu açmaqdır. Qalanları da bu mövzudan doğur. Məsələnin mahiyyətini açmaq bizə tükənməz mövzu verir. Həftə ərzində əsasən Güney Azərbaycanla bağlı hadisələri, xəbərləri çatdırırıq. Muğam, saz, xalq havaları təbliğ olunur.  Azərbaycan tarixinə, xüsusən ölkəmizin ən yeni tarixinə çox yer ayırmışıq. Qarabağ problemi ilə bağlı çoxlu sənədli filmlər nümayiş etdirmişik. Qəribədi, Bakıdan e-mail yazıb soruşurdular ki, niyə bu görüntülər Bakıdakı TV-lərdə verilmır?  Niyə sizə verirlər, amma burda göstərmirlər ? 
“Ana dili”, “Əlifba”, “Sənin baban kimdir?”, “Nağıl axşamı” adlı verilişlər proqramlarımızda daimidir. Xaricdə yaşayan azərbaycanlılar zəng vurub razılıqlarını bildirirlər. Uşaqlar və valideynlər bizi izlədiklərini söyləyirlər. Gərək dəqiq olasan, həm faktda, həm də nitqdə. Axı nəzərə alaq ki, 35 milyon soydaşımız məktəbdə ana dili keçməyib. İndi anlamaq olar, «VA TV» boynuna hansı yükü götürüb?! İdeyalar «Ocaq»dan, Asif Atadan gəldiyi üçün Ataya bir neçə xüsusi veriliş ayırıb onun yaratdığı «Ocağ»ın mədsəd və məramını xalqa çatdırmışıq.
“Özünə yol” verilışı türkçülük, millətçiliklə, “Ədəbiyyat  əbədiyyət sözü ilə həmahəngdir!” verilişi adından da göründüyü kimi, ədəbiyyatın mahiyyəti ilə bağlıdır. Burda əsasən mühacir ədəbiyyatından danışır, A. Yıldırım, C.Cabbarlı, H.Cavid, M.Müşfiq, Ə.Cavad və bu kimi millətsevər ziyalılarımız haqqında sənədlı filmlər nümayiş etdiririk.
 
- Orda yaşayan ziyalılar Azərbaycanı necə təbliğ edirlər?

-Tərcuməçiliklə məşğul olan Əli Mollazadə, Əli Ağayev, tarix elmlər namizədi, bu yaxınlarda Oksfordda Azərbaycan arxeologiyası ilə bağlı kitabı çıxmış Mübariz Əzimli, Sərdar Ağayev, bizimlə  TV-də birgə çalışan Teymur Eminbəyli, Könül Həsənli və bir neçə ziyalımızın adını çəkə bilərəm ki, onların mövqeyi, yolu bəllidi. Bundan başqa, "Haray" radiosu fəaliyyət göstərir ki, burda da Azərbaycan adlı ünvan var.

-İsveçi Azərbaycanla, yaşadığın şəhəri isə Bakı ilə müqayisə edə bilərsənmi?

- Yox, Azərbaycan dünyada analoqu olmayan bir ölkədir -  hər mənada. Odlar Yurdu sərvətlərinə görə çox zəngin bir ölkədir. Amma  bu sərvət  hər kəsə gərəyincə paylanmır. Stokholmda kücəyə çıxanda kiminsə varlı, dövlətli olduğunu qəti hiss etmirsən - nə geyimində, nə də yerişində. Bizdə zahirilik çoxdur. Burdakılar geyimlərində çox sadədirlər, davranışları mədənidir. Yəqin ki, bu, həyat şəraiti ilə bağlıdır, adamlarda əsəb gərginliyi hiss olunmur. Bizdə əhali həyat şəraiti ilə bağlı çox sıxıntı çəkir. Bu da hər addımbaşı özünü göstərir. Burda insanlar hər şeydə dəqiqdirlər. Bir faktı sizə xatırladım ki, özünüz nəticə çıxarın. İki gün bundan qabaq səhər avtobus dayanacağına getdim. Həmişə 8:01 dəqiqədə gələn marşrut nədənsə yubandı. Dayanacaqdakı marşrut cədvəlinə baxdım. Gordüm ki, yaz iş rejimi iə bağlı avtobus 8:02 dəqiqədə gəlməlidir. Bir dəqiqəyə görə sərnişinlər üçün cədvəli təzələyib asıblar.
Amma bu ölkənin də öz qəribəlikləri var. Dörd aydan artıqdır,  gəlmişəm, amma hələ də qapı qonşumu görməmişəm. Sivilizasiya doğma münasibətləri söndürür.
 
-Stokholmda insanların hüquqları nə dərəcədə təmin olunub?
  
- Bu ölkədə heç kəsin hüququ tapdanmır. Bunu qəti şəkildə deyirəm. Ancaq buna mübarizə ilə nail olublar. Martın 3-4- də burda Beynəlxalq Qadın Konfransında çıxış edən İsveç qadın hüquq müdafiəçilərindən biri  “cəmiyyətdə bizə verilən hüquqları əldə etmək üçün küçə yürüşləri, aksiyalar keçirmişik. Bizə hüquq verməyən məmurun qəbuluna gedərkən südəmər uşağın arabasına onun dilindən şüar yazıb asırdıq” dedi. Hələ ötən əsrin 70-ci illərində qadın hüquqları ilə bağlı xeyli çatışmazlıqlar olub. Azərbaycanda qadınlara seçki hüququ Demokratik Respublikanın vaxtında - 1918-ci ildə, Stokholmda isə 1923-cü ildə verilib. Konfransda çıxış edən qadınlardan biri dedi ki, biz mübarizə etməsəydik, indi dövlət belə inkişaf etməzdi. O, bu fikrini tarixi faktlarla əsaslandıraraq dedi ki, tarixin təbii gedişatını 200 il qabağa çəkiblər.
Azərbaycandan gəlmiş bir dövlət məmuru isə burda  radioda çıxış edib dedi ki, biz İsveçlə müqayisə oluna bilmərik. Özünü Mirzə Cəlilin qəhrəmanı Xudayar bəy kimi aparan bu soydaşımız  burdakı azərbaycanlıları hədələyərək uca səsi ilə qorxudurdu... Belələri "şükürçülük" psixologiyası ilə xalqın başının altına yasdıq qoyur. Bəs biz özümüzü kiminlə müqayisə etməliyik? Cəngəlliklərdə yaşayanlarla?
 
- Orda rüşvət varmı?
  
-Stokholma təzə gələndə bu mövzu məni də maraqlandırırdı. Bir ara elə bildim ki, onların lüğətində bu söz, ümumiyyətlə, yoxdur. Araşdırdım, lüğətə, inrernetə baxdım. Açığı, bu sözə rast gələndə təəccübləndim...
  
- Təhsildən nə deyə bilərsiniz?
 
- Bütün siniflərdə məktəblilərə pulsuz kitab, paltar və gündə 3 dəfə yemək verirlər. 18 yaşına qədər hər şey uşaq üçün pulsuzdur, üstəlik, hər ay dövlət uşaqlara kompensasiya verir. Stokholmda hər bir adam öz üzərində dövlətin qayğısını hiss edir.
  
- Mətbuatın vəziyyəti necədir?
  
- Jurnalistlər azaddırlar, diqtə ilə yazmırlar. Azad düşüncələrinə  görə də həbs olunmurlar, insanlar arasında jurnalistə, yazıçıya hörmət var.
  
- Stokholmda Azərbaycanı tanıyırlarmı ?
 
- 2003-cü ildə Azərbaycanda keçirilən prezident seçkilərindən sonra İsveçin dövlət telekanalında Bakıdan çəkilmiş kadr nümayiş olunub. Azərbaycan Neft Akademiyasının keçmiş rektorunu 5-6 polis yerə yıxıb dubinka ilə döyür, qoca kişini, iki qadını yekəpər polislər şillə ilə vurur. Bu biabırçı olaya şərh verən jurnalist:  “Azərbaycan, Gürcüstan və Moldovada  ictimai yerdə polisin qadını, qocanı döyməsi adi hal alıb” - dedi. Stokholmda hamı ingilis dilini bilir, amma bir kəlmə belə danışmırlar, dövlət icazə vermir. Bu ölkədə insanların öz dövlətinə sevgisi hər an görünür.
Azərbaycanda isə artıq hamı ingilisləşib. Neçə illərdi Azərbaycanda işləyən hansı ingilis bizə hörmət edib dilimizi öyrənir? Gərək hökümətin konsepsiyası olsun və hamı ona hörmət bəsləsin.

Arzu ABDULLA