http://www.mediaforum.az/articles.php?article_id=20060922021521644&page=00&lang=az

POLİS AMİP-ə İRAN SƏFİRLİYİ QARŞISINDA PİKET KEÇİRMƏYƏ İMKAN VERMƏDİ
2006-09-22 - 13:51:00

Bu gün saat 13-də Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) bir qrup fəalı İranın Bakıdakı səfirliyi qarşısında sanksiyalaşdırılmamış piket keçirməyə cəhd göstərib. «Media forum» saytının əməkdaşı hadisə yerindən xəbər verir ki, aksiyaçılar 132 saylı orta məktəbə çatanda burda onların qarşısını polis kəsib. Polislər AMİP-çilərə şüar səsləndirməyə belə imkan verməyiblər. AMİP-in 3-4 fəalı dərhal həbs edilərək yaxınlıqdakı polis maşınına mindirilib.

Jurnalistlər artıq piketin bitdiyini zənn etdiyi bir vaxtda bir neçə piketçi, xüsusilə xanımlar səfirliyin binası qarşısına tərəf irəliləməyə cəhd göstərib. Lakin burada da polislər onların qarşısın alaraq geri qaytarıblar. Polislə qısa dialoqdan sonra AMİP-çilərə piketin qətnaməsini oxumağa icazə verilib.

Qətnamə oxunduqdan sonra piketçilərin dağılışmadığını görən polis əməkdaşları yoldan ötən 331 saylı mikroavtobusu saxlayaraq bir neçə aksiyaçını mikroavtousa mindirib 39-cu polis bölməsinə aparıblar.

Hadisə yerində olan polis əməkdaşlarından heç biri məsələ ilə bağlı jurnalistlərə açıqlama vermək istəməyib. Lakin ümumilikdə 7 nəfər AMİP-çinin tutulduğu müşahidə edilib.

Piketin qətnaməsində İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququnun pozulduğu, İran hakimiyyətinin güney azərbaycanlıların milli şüurunu, milli yaddaşını silmək siyasəti yürütdüyü vurğulanır. Qətnamə müəllifləri İranda azərbaycanlılara qarşı ayrı-seçkilik və assimilyasiya siyasətinə son qoyulmasını, azərbaycanlıların ana dilində təhsil almaq hüququnun təmin olunmasını tələb edirlər.